Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarının açılışı münasibətilə “Azərpoçt” MMC “Yay Olimpiya Oyunları 2024” adlı poçt markasını dövriyyəyə buraxıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən YeniAvropa-ya bildirilib ki, markanın üzərində Yay Olimpiya Oyunlarına daxil olan idman növlərinin simvolları əks olunub. Tərtibatda istifadə olunan rəng çalarlarının Azərbaycan idmançılarının “Yay Olimpiya Oyunları 2024”də iştirakı üçün təqdim olunan vahid idman formasının rəng çalarlarına uyğun olmasına xüsusi diqqət yetirilib.
Poçt markasının üzərindəki təsvirlər rəssam-dizayner Orxan Qarayevə məxsusdur. Marka ilə yanaşı, 200 ədəd “Birinci gün” zərfi də hazırlanıb.
“Azərpoçt” Yay Olimpiya Oyunlarında iştirak edən bütün idmançılarımıza parlaq qələbə arzu edir.