Demokratlar Partiyasının Milli Komitəsi vitse-prezident Kamala Harrisin avqustun 7-dək (partiyanın avqustun 19-22-də Çikaqoda keçirilməsi planlaşdırılan qurultayınadək) partiyandan prezidentliyə rəsmi namizəd olmasına imkan verən reqlamentləri qəbul edib.
YeniAvropa xəbər verir ki, komitənin təsdiq etdiyi əsasnaməyə görə, prezidentliyə namizədliyini irəli sürmək istəyən amerikalılar iyulun 28-i axşamadək bu barədə qərarlarını rəsmən bəyan etməli, iyulun 30-dək isə azı 300 qurultay nümayəndəsinin imzasını toplamalıdır. Səsvermə avqustun 1-dən avqustun 7-dək elektron bülletenlərdən istifadə edilməklə aparılacaq.
Kamala Harris hələlik demokratların düşərgəsindən prezidentliyə namizədliyini irəli sürmək istəyən yeganə siyasətçidir.
Qeyd edək ki, iyulun 21-də ABŞ-ın hazırkı Prezidenti Cozef Bayden dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.