logo

Baş redaktor İqbal Əbilov həbs edildi

11:55 25-07-2024 | icon 1372
Baş redaktor İqbal Əbilov həbs edildi

Bu gün Bakı şəhəri Səbail rayon Məhkəməsində Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan Respublikasının vətəndaşı Əbilov İqbal Şahin oğlu barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

YeniAvropa xəbər verir ki, Belarusda yaşayan Əbilov ötən ay Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Əbilov İqbal Şahin oğlu üçüncü ölkə ərazisində məskunlaşıb Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinin tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə, onlarla razılaşdırılmış qaydada Azərbaycan Respublikası ərazisində etnik zəmində nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər etməkdə təqsirləndirilir.

Məhkəmə prosesində digər dəlillərlə yanaşı İqbal Əbilovun Yerevan Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının rəhbəri və Ermənistanda fəaliyyət göstərən Şərqşünaslıq İnstitutunun direktoru - Ermənistan xüsusi xidmət orqanlarının nəzarətində Azərbaycanın ərazi bütövlüyü əleyhinə məqsədyönlü iş aparan Asatrian Garnik Seroboviç ilə "Skype" vasitəsilə apardığı gizli danışıqlar və sövdələşmələri də elan edilib.

Müəyyən olunur ki, İ.Əbilovun xarici xüsusi xidmət orqanlarının nümayəndələri ilə birgə müxtəlif ölkələrdə olan pozucu qüvvələri cəlb etməklə Azərbaycanın ərazi bütövlüyü əleyhinə qondarma təşkilatın fəaliyyətini təşkil etməsinə, həmçinin Ermənistan XXO ilə əlaqəli Vardan Voskanyan və digərlərinin ölkəmizə qarşı düşmənçilik fəaliyyəti həyata keçirməsinə kömək etməsinə də şübhələr var.

Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər) maddələri ilə ittiham elan olunub.

Məhkəmə İlqar Əbilov barəsində 4 ay həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, uzun müddətdən bəri Belarusda yaşayan İlqar Əbilov iyunun 14-də qohumunun toyunda iştirak etmək üçün Azərbaycana gəlib. O, iyunun 22-də DTX-nin Masallı rayon şöbəsinə çağırılıb və 6 saat ərzində dindirilib. İyunun 27-də Bakıdan Moskvaya gedərkən o, təyyarəyə buraxılmayıb, pasportu və telefonu əlindən alınıb. İyulun 22-də Əbilov pasportunun və telefonunun qaytarılması bəhanəsi ilə DTX-nin Masallı rayon şöbəsinə çağırılıb. Lakin valideynlərinə məlumat vermədən Bakıya aparılıb. 

Ombudsmana müraciətdən sonra valideynlərinə bildiriblər ki, Əbilov Azərbaycan CM-in 283-cü (milli ədavət salma) və 274-cü (dövlətə xəyanət) maddələri ilə şübhəli bilinir.

Bu gün o, qətimkan tədbirinin seçilməsi üçün Səbail Rayon Məhkəməsinə çıxarılıb.

Əbilov Riqada qeydiyyatdan keçmiş "Talış Milli Akademiyası"nın təsisçilərindən biri, həmçinin bu qurumun mətbu orqanı olan "Talış Milli Akademiyası Xəbərləri"nin baş redaktorudur. Onun müxtəlif media orqanlarında dərc olunmuş məqalələrini Rusiya-Ermənistan Strateji və İctimai Təşəbbüslərinə Dəstək Mərkəzinin saytında("russia-armenia.info") yerləşdirib.