Milli Hidrometeorologiya Xidmətinin iyulun 25-i saat 10:00-a olan məlumatına görə, öncədən xəbər verildiyi kimi, gündüz dağlıq ərazilərdən başlayaraq hava şəraiti dəyişib, əksər rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.
Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında da gecə saatlarından başlayaraq arabir yağış yağıb, şimşək çaxıb. Yarımadanın bəzi yerlərində yağıntılar intensivləşib. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 11, Balakən-Şəki bölgəsində 62, Lənkəran-Astara bölgəsində 55, Mərkəzi Aran bölgəsində 39, Quba-Qusar bölgəsində 33, Qarabağ bölgəsində 30, Dağlıq Şirvan bölgəsində 26, Naxçıvan Muxtar Respublikasında 13, Gəncə-Qazax bölgəsində isə 11 millimetrədək təşkil edib.
İyulun 25-də gecə və səhər saatlarında Şəki rayonu ərazisindən axan Kişçaydan, Qəbələ rayonu ərazisindən axan Göyçaydan, Dəmiraparançaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan və Quba rayonu ərazisindən axan Qudyalçaydan sel keçib.