İyulun 24-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən YeniAvropa-ya bildirilib ki, sərhədçilərin qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları sərhəd naryadına qarşı silahlı müqavimət göstərərək havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edib geri qaçıblar.
Silahlı insident nəticəsində sərhəd naryadının iki üzvü yüngül xəsarət alıb. Onlara zəruri tibbi yardım göstərilib.
Sərhəd naryadı tərəfindən “Dövlət sərhədi haqqında” Qanunun tələblərinə uyğun olaraq silah tətbiq edilməsi nəticəsində sərhəd pozucularından birinin güllə yarası aldığı müəyyənləşib.
Əraziyə baxış zamanı ümumi çəkisi 10 kiloqram 882 qram narkotik vasitə, sərhəd pozucularına məxsus gecəgörmə cihazı, 12 millimetr kalibrli tüfəng, giliz və patronlar aşkar olunub.
Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.
Hazırda prokurorluq orqanlarının əməkdaşları ilə birgə əməliyyat-istintaq tədbirləri həyata keçirilir.