logo

Olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyi artırılır

15:55 24-07-2024 | icon 1190
Olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyi artırılır

Prezident İlham Əliyev iyulun 24-də olimpiya və paralimpiya çempionlarına dövlət dəstəyinin artırılması haqqında fərman imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda paralimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi paralimpiya təqaüdünün təsis olunması və onun aylıq məbləğinin minimum aylıq əməkhaqqı məbləğinin 2 (iki) misli miqdarında müəyyən edilməsi qeyd olunub.

Təsis edilən təqaüdün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi müəyyən edilib.

Fərmana əsasən, olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği isə minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında müəyyən edilib.

Həmçinin “Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 798 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 594 (Cild I) 1-ci hissəsində “1300 (min üç yüz) manat məbləğində” sözləri “minimum aylıq əməkhaqqı məbləğinin 4 (dörd) misli miqdarında” sözləri ilə əvəz edilməsi qeyd olunub.

Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.