Azərbaycanda iyulun 25-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində şimşək çaxacağı, leysan xarakterli intensiv olacağı ehtimalı var. Axşama doğru yağıntı tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 28-31° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan aşağı - 752 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq rayonlarda arabir duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 28-33° isti, dağlarda gecə 12-17°, gündüz 18-23° isti olacağı bildirilir.