logo

Bakıda bal yarmarkası keçiriləcək

17:17 22-07-2024 | icon 1127
Bakıda bal yarmarkası keçiriləcək

Sentyabrın 9-dan 29-dək Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyindən YeniAvropa-ya verilən məlumata görə, yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılacaq. Bu il təşkil olunan bal yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş 250 arıçı iştirak edəcək.

Yarmarkaya iyulun 26-dək arıçılıq təsərrüfatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edən və minimum 40 arı ailəsi olan fermerlər müraciət edə bilərlər. Bir arıçı yarmarkada maksimum 400 kiloqram bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər.

Yarmarkada iştirak etmək istəyən arıçılar iyulun 29-u saat 08:00-dan avqustun 2-si saat 20:00-dək onlayn qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün fermerlər bal.kendden.az saytına daxil olaraq müvafiq xanalar üzrə şəxsi və təsərrüfatları barədə məlumatları qeyd etməlidirlər. İştirakı təsdiqlənmiş arıçılara SMS-bildirişlər göndəriləcək, onlara məhsullarını gətirməli olduqları tarix barədə məlumat veriləcək.

Bal nümunələrinin qəbulu avqustun 19-dan 27-dək baş tutacaq. Bal məhsullarının qəbulu zamanı arıçı fermer şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd və gətirmiş olduğu məhsula müvafiq olaraq baytarlıq şəhadətnaməsi təqdim etməlidir. Yarmarkada iştirak haqqı ödənişsizdir. Arıçılar ödənişsiz satış üçün yer, lazımi ləvazimatlar, marketinq və digər xidmətlərlə təmin olunacaqlar.

Yarmarkada satışa çıxarılacaq arıçılıq məhsullarının keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsullar anbara daxil olduqdan sonra AQTA-nın əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə baldan nümunələr götürüləcək. Analiz üçün götürülmüş nümunələrin nəticələri mütəmadi olaraq təşkilat komitəsinə bildiriləcək. Keyfiyyət yoxlanışının nəticələri standartlara uyğun olmayan arıçılıq məhsullarının satışına icazə verilməyəcək.