Bu günədək ölkə üzrə payızlıq taxıl sahələrinin 90 faizində biçin prosesi başa çatıb.
Kənd Təsərrüfatı Nazirliyində taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahdan YeniAvropa-ya bildirilib ki, mexanizatorlar tərəfindən 907 min 845 hektar sahədə biçin aparılıb, sahələrdən ümumilikdə 2 milyon 795 min 112 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,8 sentner təşkil edir.
Ölkə üzrə arpa əkini sahələrinin 96,9 faizində, buğda sahələrinin 84,5 faizində biçin başa çatıb. Arpa üzrə orta məhsuldarlıq 29,3 sentner, buğda üzrə orta məhsuldarlıq isə 32 sentner təşkil edir.
İyulun 21-də biçin prosesinə 575 kombayn cəlb olunub, bunlardan 204 kombayn “Aqroservis” ASC-nin, 371 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlardır. İyulun 21-də kombaynlar vasitəsilə 6211 hektar ərazidə biçin aparılıb.
Cari il taxıl biçini mövsümündə taxıl üzrə ən yüksək məhsuldarlıq Hacıqabul rayonunda qeydə alınıb. Rayonda buğda üzrə orta məhsuldarlıq 55 sent/ha, arpa üzrə orta məhsuldarlıq isə 47 sent/ha təşkil edib.
Biçin prosesinin optimal müddətdə başa çatacağı gözlənilir.