İşğaldan azad edilmiş ərazilərdə ətraf mühitin sağlamlaşdırılması və ekosistemin bərpası tədbirləri davam etdirilir. Cari dövrədək ümumilikdə 230 hektar sahədə 152 min 500-dən çox ağac tingi əkilib, 7000 kiloqrama yaxın palıd və şərq çinarı toxumu səpilib.
YeniAvropa xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə işçi qrupunun Ağdamda keçirilən iclasında deyib.
Nazir müavini bildirib ki, işğaldan azad edilmiş ərazilərdə meşə fondu sahələrinin inventarlaşdırılması və qiymətləndirilməsi məqsədilə uzaqdan zondlama üsulu ilə 5 rayon (Zəngilan, Füzuli, Cəbrayıl, Qubadlı və Kəlbəcər) ərazisində müvafiq işlər yekunlaşdırılıb.