logo

Son 200 il ərzində dünya əhalisinin sayı yeddi dəfə artıb

14:44 12-07-2024 | icon 2933
Son 200 il ərzində dünya əhalisinin sayı yeddi dəfə artıb

Dünya əhalisinin 1 milyarda çatması yüz minlərlə il çəkdi, sonra cəmi 200 il ərzində bu rəqəm yeddi dəfə artıb.

YeniAvropa  xəbər verir ki, bu fikirlər 1 İyul - Ümumdünya Əhali Günü münasibətilə BMT Əhali Fondunun yaydığı hesabatda yer alıb. 

Fondunun son hesabatında daha sonra qeyd olunur: "2011-ci ildə dünya əhalisinin sayı 7 milyard həddinə çatmışdı, 2021-ci ildə bu rəqəm  7,9 milyarda yüksəldi. 2030-cu ildə isə təxminən 8,5 milyard, 2050-ci ildə 9,7 milyard və 2100-cü ildə 10,9 milyarda çatacağı gözlənilir".

Hesabatda vurğulanır ki, yaxın keçmişdə doğum nisbətlərində və gözlənilən ömür uzunluğunda böyük dəyişikliklər baş verib. 1970-ci illərin əvvəllərində qadınların hər biri orta hesabla 4,5 uşaq dünyaya gətirirdi; 2015-ci ilə qədər bu sahədə qlobal ümumi məhsuldarlıq hər qadına 2,5 uşaqdan da aşağı düşüb. Bu arada, orta qlobal ömür uzunluğu 1990-cı illərin əvvəllərində olan 64,6 ildən 2019-cu ildə 72,6 ilə yüksəlib. Bundan əlavə, dünyada yüksək urbanizasiya və miqrasiyanın sürətlənməsi müşahidə olunur. 2007-ci il kənd yerlərindən daha çox insanın şəhər yerlərində yaşadığı ilk il olub. 2050-ci ilə qədər dünya əhalisinin təxminən 66 faizi şəhərlərdə yaşayacaq.