logo

Dünyada neftə tələbat 2025-ci ildə pik həddə çatacaq-BP

10:56 12-07-2024 | icon 1939
Dünyada neftə tələbat 2025-ci ildə pik həddə çatacaq-BP

2025-ci ildə dünyada neftə gündəlik tələbatın 102 milyon barel təşkil edərək pik həddə çatacaq. Eyni zamanda, külək və günəş elektrik stansiyalarının istehsal etdiyi enerjinin həcmi əhəmiyyətli dərəcədə artacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Böyük Britaniyanın "BP" şirkətinin illik hesabatında qeyd edilib. 

BP analitiklərinin ehtimallarına görə,  qlobal enerji sektorunda mövcud tendensiyalar davam edərsə, ilkin enerji mənbələrinə tələbat 2030-cu illərin ortalarına qədər artacaq, sonra isə bütövlükdə sabitləşəcək. Belə ki, inkişaf etməkdə olan ölkələrdə enerji istehlakının artımı inkişaf etmiş ölkələrdə və Çində tələbatın azalması ilə kompensasiya ediləcək. Bu vəziyyətdə enerjiyə tələbat 2022-ci ilə nisbətən 2050-ci ilə qədər 5 faiz artacaq.

Sıfır emissiya ssenarisinə əsasən, enerjiyə tələbat artıq bu onilliyin sonundan etibarən aşağı düşməyə başlayacaq və nəticədə 2050-ci ildə 2022-ci il səviyyəsindən 25 faiz aşağı olacaq.

BP analitiklərinin fikrincə, neft istehlakı istənilən ssenari üzrə 2025-ci ildən sonra azalacaq. Yeganə fərq tələbatın azalması dərəcəsindədir. Belə ki, bazarda cari vəziyyətə uyğun olaraq neftə tələbat 2050-ci ilə qədər gündəlik 75 milyon barelə, sıfır emissiyaya nail olmaq üçün lazımi şərtlər yerinə yetiriləcəyi təqdirdə isə tələbat 25-30 milyon barelə qədər düşəcək.

Mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər qaza tələbat əsasən inkişaf etməkdə olan ölkələr hesabına təxminən üçdə bir qədər artacaq. “Net Zero” ssenarisinə görə isə istehlakın həcmi, əksinə, ilk növbədə, inkişaf etmiş iqtisadiyyatların alternativ enerji mənbələrinə kütləvi şəkildə keçidi hesabına iki dəfə azalacaq.

Külək və Günəşdən alınan enerji həcmləri mövcud ssenarilər üzrə 2050-ci ilə qədər təxminən 8 dəfə artacaq.