"COP29" keçiriləcəyi müddətdə şəhərdə məktəblərin bağlanması ilə bağlı hər hansı qərar yoxdur.
YeniAvropa xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov iyulun 9-da keçirilən brifinqdə deyib.
O bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı olarsa, bu barədə çox öncədən məlumat veriləcək: “Vətəndaşları da anlayıram. Lakin hazırda biz sentyabrın 15-də məktəblərin açılmasına hazırlaşırıq. Hər hansısa yenilik olsa, vətəndaşlar bu barədə məlumatlandırılacaq”.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu Konfransı(COP29) bu il noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək.