Avstriyada işgüzar səfərdə olan baş prokuror Kamran Əliyev ölkəmizin prokurorluq orqanları ilə uzun illər ərzində səmərəli əməkdaşlıq edən Beynəlxalq Antikorrupsiya Akademiyasının yeni dekanı Slaqyana Taseva ilə görüşüb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, görüşdə K.Əliyev prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiya qarşı mübarizə sahəsində aparılan kompleks tədbirlər və bu sahədə əldə olunmuş nailiyyətlər barədə danışıb.
Slaqyana Taseva Azərbaycanın Beynəlxalq Antikorrupsiya Akademiyası üçün vacib və etibarlı tərəfdaş olduğunu, təhsil ocağının işinə verdiyi davamlı töhfələrə görə təşəkkürünü bildirərək bundan sonra əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşdə akademiyada təhsil alan azərbaycanlı müdavimlərin sayının artırılması, tədris modullarının ölkəmizdə təşkil edilməsi, Baş prokuror yanında Elmi-Məsləhət Şurası ilə tədqiqat sahəsində əməkdaşlığın qurulması və tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilib.