Kənd Təsərrüfatı Nazirliyi iyulun 6-dan 7-dək paytaxtda “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil edəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən YeniAvropa-ya bildirilib ki, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda, şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Yarmarkada, ümumilikdə, 20-dək regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər burada yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar. Yarmarkada satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Məhsulların keyfiyyəti ilə bağlı hər hansı sualı yaranan alıcılar Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana biləcəklər.
Yarmarka 2 gün müddətində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında saat 09:00-dan 19:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla təmin olunacaqlar. “Kənddən şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 nömrəli “Çağrı mərkəzi” ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.