logo

32 ildən sonra Füzuli şəhərində son zəng çalınıb

12:12 14-06-2024 | icon 5166
32 ildən sonra Füzuli şəhərində son zəng çalınıb

Bu gün Mirzə Uluqbəy adına Füzuli şəhər 1 saylı tam orta məktəbdə də son zəng çalınıb.

YeniAvropa xəbər verir ki,  465 nəfərin təhsil aldığı məktəbin 8 məzunu var.

Son zəng günündə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb kollektivi və Füzuli şəhər sakinləri iştirak ediblər.

Dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi sükutla anılıb. Sonra məzunların bayraq yürüşü ilə tədbirə start verilib.

Çıxış edənlər məktəb kollektivini təbrik edib, onlara uğurlar arzulayıblar. Diqqətə çatdırılıb ki, Azərbaycan və Özbəkistan prezidentlərinin açılışını etdikləri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb Türk dünyasının qardaşlıq rəmzlərindən biri sayılır.

Çıxışlardan sonra məktəblilərin ifasında musiqilər səsləndirilib, milli geyimdə olan şagirdlərin rəqs nümunələri izlənilib. Məzunlar da öz növbəsində rəqs çıxışları ilə tədbirə rəng qatıblar.

Daha sonra son zəng səsləndirilib, məktəbin rəmzi açarı digər sinif şagirdlərinə təhvil verilib. Son zəng günü bayramında tədbir iştirakçıları yallı rəqsinə qoşulublar.

Füzuli şəhərində sonuncu dəfə 1992-ci ildə son zəng günü qeyd edilib və həmin ildə 1975-ci il təvəllüdlü 60-a yaxın şagird son məzun olub. 1993-cü ildə Füzuli rayonunun ərazisi erməni hərbi birləşmələri tərəfindən mütəmadi olaraq atəşə tutulduğu və işğala məruz qaldığı üçün həmin il rayonda son zəng qeyd edilməyib.