logo

Paytaxtda I sinfə qəbulla bağlı 30 mindən çox müraciət olunub

13:53 30-05-2024 | icon 6559
Paytaxtda I sinfə qəbulla bağlı 30 mindən çox müraciət olunub

Mayın 30-na (saat 11:30) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 30 min 597 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 4481 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 1766-sı alternativ qeydiyyat mərkəzlərində, 96-sı onlayn alternativ qeydiyyat mərkəzlərində (vatsap müraciətləri), 1918-i sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb və valideynlərə müvafiq dəstək göstərilib. 701 valideyn isə 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə müraciət edib.

Qeyd edək ki, 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat sentyabrın 13-dək davam edəcək. www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlar aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət edə bilərlər.

Vətəndaşlara alternativ qeydiyyat mərkəzlərində həftənin I-V günləri saat 10:00-dan 17:00-dək xidmət göstərilir. Valideynin alternativ qeydiyyat mərkəzlərinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Qeyd edək ki, sistemdə elektron qeydiyyatdan keçə bilməyən valideynlərə vatsap vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) müraciətlərinin cavablandırılması üçün müvafiq işçi qrupları tərəfindən də zəruri kömək göstərilir.