logo

Əli Əsədov İranda rəsmi anım mərasimində iştirak edib

18:14 22-05-2024 | icon 1862
Əli Əsədov İranda rəsmi anım mərasimində iştirak edib

Azərbaycanın baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar mayın 22-də Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak edib.

Nazirlər Kabinetindən YeniAvropa-ya bildiriblər ki, baş nazir Əli Əsədov İran İslam Respublikasının birinci vitse-prezidenti, prezident vəzifəsini icra edən Məhəmməd Moxberlə görüşərək, ona Azərbaycan Respublikasının prezidenti, hökuməti və xalqı adından dərin hüznlə başsağlığı verib.

Bildirilib ki, böyük dövlət xadimi, görkəmli siyasətçi Seyid İbrahim Rəisi bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmətə həsr edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər naziri Ceyhun Bayramov, həmçinin Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əziz Ələkbərov, Cavanşir Paşazadə, Cəbi Quliyev və digər rəsmi şəxslər daxildir.