logo

Azərbaycanın "COP29"a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir-BMT

17:47 21-05-2024 | icon 1036
Azərbaycanın "COP29"a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir-BMT

“Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkə üçün böyük nailiyyətdir və onun iqlim fəaliyyətlərinə güclü sadiqliyini nümayiş etdirir”.

YeniAvropa xəbər verir ki, bu fikirlər BMT-nin mətbuat xidmətinin açıqlamasında yer alıb. Bildirilib ki, BMT COP29-un sədrliyinə geniş miqyasda dəstək verir. “BMT İqlim Dəyişikliyi (BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası - UNFCCC) Katibliyi COP29-un sədrliyinə danışıqlar, əməliyyatlar (konfrans idarəçiliyi və logistika) və maraqlı tərəflər nöqteyi-nəzərindən texniki dəstək göstərir. Bununla yanaşı, BMT İqlim Dəyişikliyi BMT-nin qurumları ilə birlikdə COP29 komandasına və digər tərəflərə danışıqların aparılması da daxil olmaqla, potensialın artırılması dəstəyini koordinasiya edir”, - deyə açıqlamada qeyd olunur.

Bildirilib ki, BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyevanın həmsədrliyi ilə BMT Qlobal COP29 İşçi Qrupunu təsis edib:

“Ölkə səviyyəsində isə BMT komandası Azərbaycanda iqlim fəaliyyətlərini mobilizə etmək üçün bütün maraqlı tərəflərlə işləyir. Buna misal olaraq, BMT-nin Azərbaycan nümayəndəliyi tərəfdaşlarla birlikdə iqlim dəyişikliyi və ədalətli keçidlə bağlı ölkə boyu dialoq və fəaliyyətə təkan vermək üçün “29 iqlim müzakirəsi: COP29-a gedən yol” adlı təşəbbüs həyata keçirib. Bundan əlavə, BMT-nin ölkədəki komandası COP29 ərəfəsində və tədbir zamanı Azərbaycanın hər yerindən gənclərlə işləmək məsələsinə xüsusi diqqət yetirir. Burada məqsəd onları həvəsləndirmək, maarifləndirmək, səfərbər etmək və bununla da onlara fəaliyyət göstərmələri və iqlim həllərinin bir hissəsi olmaları üçün imkan yaratmaqdır”.