logo

Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiyanın ən böyük IT forumu ləğv edilib

16:33 21-05-2024 | icon 4865
Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Mərkəzi Asiyanın ən böyük IT forumu ləğv edilib

Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi bu il sentyabrın 5-7-də Astanada keçirilməsi nəzərdə tutulan “Digital Bridge 2024” beynəlxalq IT forumunu ləğv etmək qərarına gəlib.

YeniAvropa Qazaxıstan mediasına istinadla xəbər verir ki, bu, dövlət başçısı Kasım-Jomart Tokayevin daşqından sonra ölkədə yaranmış çətin vəziyyətlə əlaqədar əsas tədbirlərdən imtina etmək barədə sərəncamı ilə bağlıdır.

“Digital Bridge”in təşkilatçıları – Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi və Astana Hub Beynəlxalq Texnoparkı forumda iştirak etməkdə maraqlı olan hər kəsə öz təşəkkürlərini bildirirlər. Əlverişli şəraitdə “Digital Bridge” Beynəlxalq IT Forumu 2025-ci ildə öz işini bərpa edəcək”, - deyə departamentdən bildirilib.

Bu il altıncı dəfə keçirilməli olan “Digital Bridge” 2018-ci ildən bəri təşkil olunur və IT sənayesinin ən son tendensiyalarını və inkişaf perspektivlərini müzakirə etmək üçün Mərkəzi Asiyada ən böyük platformaya çevrilib. Qeyd edək ki, 2020-ci ildə Forum digər fövqəladə vəziyyətlə - qlobal COVID-19 pandemiyası ilə əlaqədar da ləğv edilib.

Bu il yaz daşqınları Qazaxıstanda son 80 ildə ən böyük təbii fəlakət olub. Apreldə Qazaxıstan Prezidenti hökumətə, mərkəzi dövlət və yerli icra orqanlarına imic yaradılması üzrə və digər iri tədbirlər keçirməkdən imtina etməyi tapşırıb.

“Mən pula qənaət etmək üçün böyük beynəlxalq forumu ləğv etdim. Biz Dünya Köçəri Oyunları ilə bağlı xərcləri azaldacağıq. Artıq belə bir tədbiri ləğv etmək mümkün deyil, lakin onun büdcəsi əhəmiyyətli dərəcədə azalacaq”, - deyə Prezident bildirib. O əlavə edib ki, Qazaxıstanın Tokioda Ümumdünya Sərgisinin keçirilməsi və iştirakı üçün büdcəsi də azaldılacaq.