Özbəkistan Respublikasının Baş Prokurorluğu ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq davam etdirilir.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, 1992-ci il təvəllüdlü Ukrayna vətəndaşı Kaldarar Arsen Vasilyeviçin və 1980-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Kayumov Abduraxmon Abduvaliyeviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün həmin şəxslərin verilməsinə dair Özbəkistan Respublikası Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Özbəkistanda dələduzluq əməllərinin törədilməsində təqsirləndirilərək dövlətlərarası axtarışa elan edilmiş A.V.Kaldarar və A.A.Kayumov 2024-cü ilin fevralında ölkəmizdə müəyyənləşdirilərək saxlanılıb, onların barələrində həbs qətimkan tədbiri seçilib.
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilib. Onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib.