logo

Azərbaycanda cari ildə 16,7 milyard m3 qaz hasil edilib

14:14 14-05-2024 | icon 1246
Azərbaycanda cari ildə 16,7 milyard m3 qaz hasil edilib

Cari ilin yanvar-aprel ayları ərzində respublikada təbii qaz hasilatı 3 faiz artaraq 16,7 milyard kubmetr olub.

Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, qazın 4,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 9,2 milyard kubmetri “Şahdəniz”, 0,5 milyard kubmetri “Abşeron”, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 0,5 milyard kubmetr artımla qaz hasil edilib.

4 ay ərzində xaricə qaz satışı 8,5 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. Avropaya 4,2 milyard kubmetr, Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 1,8 milyard kubmetr qaz nəql olunub.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il mayın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 220,7 milyard kubmetr, “Şahdəniz”dən isə 218,3 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 28,9 faizi yəni, 155,2 milyard kubmetri ixraca nəql edilib.