logo

Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb

14:54 25-04-2024 | icon 23163
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb

Azərbaycan səkkizinci dəfədir Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinə, eyni zamanda XX Beynəlxalq Hepatoqastroenterologiya Konqresinə ev sahibliyi edir.

YeniAvropa xəbər verir ki, Səhiyyə Nazirliyinin dəstəyi, akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin, Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin, həmçinin Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin, Avrasiya Qastroenteroloqlar Assosiasiyasının, Türkiyə Respublikasının Hepato Bilio Pankreatologiya (HeBiPA) və Türkiyə Qaraciyər Araşdırmaları (TASL) assosiasiyalarının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dünyanın 30-dan çox ölkəsini təmsil edən 200-dən çox alim, tanınmış həkim və cərrahlar, akademik qurumların nümayəndələri iştirak edirlər.

Konqres iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir Azərbaycanın qurucusu, səhiyyəmizin və tibb elmimizin inkişaf etdirilməsində müstəsna xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Üç gün davam edəcək beynəlxalq konqresin açılış mərasimi Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Konfransın açılış mərasimində Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov, Heydər Əliyev Fondunun departament rəhbəri, Milli Məclisin deputatı Soltan Məmmədov, Azərbaycan Cərrah və Qastroenteroloqlar İctimai Birliyinin, həmçinin beynəlxalq konqresin sədri professor Rauf Ağayev, Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli çıxış edərək Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinin yaranma tarixindən bəhs ediblər. Onlar Ümummilli Lider Heydər Əliyevin dəstəyi ilə 1997-ci ildə Bakıda ilk dəfə keçirilən beynəlxalq konqresi xatırladıblar.

Çıxışçılar 20-ci Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresinin və 20-ci Beynəlxalq Hepatoqastroenterologiya Konqresinin bu il öz ərazi bütövlüyünü tamamilə bərpa etmiş ölkəmizdə keçirilməsindən duyduqları qürur və sevinci iştirakçılarla paylaşaraq, növbəti tədbirin Qarabağın ürəyi Xankəndində və mədəniyyət beşiyimiz Şuşa şəhərində keçirilməsini arzu etdiklərini dilə gətiriblər.

Açılış mərasimində çıxış edən HEBİPA-nın sədri Halə Gökcan, Birləşmiş Avropa Qastroenteroloqlarının sədri Matias Löhr, Avropa Qaraciyər Araşdırma Assosiasiyasının baş katibi Aleksandr Kraq, Ankara Universiteti Tibb fakültəsinin dekanı Zəhra Aycan, Hacettepe Universiteti Tibb fakültəsinin dekanı Deniz Demiryürek və digər xarici qonaqlar geniş coğrafi areala malik beynəlxalq konqresin növbəti dəfə ölkəmizdə keçirilməsindən məmnunluqlarını ifadə edib, alimlərimizin və həkimlərimizin dünya tibb elminə verdikləri töhfələrdən danışıblar.

Sonra odlar yurdu Azərbaycandan bəhs edən videoçarx nümayiş olunub.

İyirminci Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi və 20-ci Beynəlxalq Hepatoqastroenterologiya Konqresi işini plenar sessiyalarla davam etdirib.

Xatırladaq ki, aprelin 27-dək davam edəcək beynəlxalq konqresə 400-dən çox yerli və xarici mütəxəssislər qatılıb. Beynəlxalq Avrasiya Cərrahlar və Qastroenteroloqlar Konqresi və XX Beynəlxalq Hepatoqastroenterologiya Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 30 DTT kredit balı ilə qiymətləndirilib.