logo

Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib

15:15 22-04-2024 | icon 3108
Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 12 illik fasilədən sonra İraqa rəsmi səfər edib.

YeniAvropa xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın açıqlamasına əsasən, səfər zamanı iki ölkə arasında 20-ə yaxın anlaşmanın imzalanması nəzərdə tutulur. Sənədlər təhlükəsizlik başda olmaqla, enerji, kənd təsərrüfatı, su, səhiyyə, təhsil və digər sahələri əhatə edir.

Türkiyə prezidentinin Bağdad və Ərbildə İraq Prezidenti Əbdüllətif Camal Rəşid və Baş nazir Məhəmməd əl-Sudani ilə keçirəcəyi görüşlərdə Yaxın Şərqdəki son hadisələr, təhlükəsizlik, ticarət əlaqələri kimi məsələlər nəzərdən keçiriləcək. Müzakirə olunacaq əsas mövzular arasında terrorla mübarizə, İraqın su probleminin həlli, eləcə də Türkiyəyə təbii qaz və neft ixracı yer alır.

Eyni zamanda, Türkiyə İraqla terrora qarşı birgə əməliyyat mərkəzi yaratmağı planlaşdırır. Səfər zamanı bununla bağlı məsələlərin də müzakirəsi gözlənilir.

Səfər çərçivəsində İraqda biznes forumun keçirilməsi də nəzərdə tutulur. Tədbirdə Türkiyə ilə İraq arasında ticarətin həcminin artırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.