logo

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

11:33 19-04-2024 | icon 2037
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

ABŞ BMT TŞ-nin aprelin 18-də keçirilən iclasında Fələstinin BMT-yə tamhüquqlu üzv olması ilə bağlı sənədə veto qoyub.

YeniAvropa təşkilatın saytına istinadla xəbər verir ki, iclasda Fələstinin üzvlüyünü 12 dövlət dəstəkləyib, ABŞ bunun əleyhinə səs verib, iki ölkə isə bitərəf qalıb. Beləliklə, BMT TŞ Baş Assambleyaya Fələstinin BMT-yə tamhüquqlu üzv dövlət kimi qoşulmasına icazə vermək üçün BMT-nin daha geniş üzvlüyü ilə səsvermə keçirməyi tövsiyə edən qətnamə layihəsini qəbul etməyib.

Qətnamə layihəsi BMT TŞ-nin tarixində ən qısa mətni olan sənədlərdən biridir: “Təhlükəsizlik Şurası Fələstin Dövlətinin Birləşmiş Millətlər Təşkilatına qəbul üçün müraciətini (S/2011/592) araşdıraraq, Baş Assambleyaya Fələstin Dövlətinin Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunmasını tövsiyə edir”.

Qətnamə layihəsinin qəbulu üçün BMT TŞ-nin ən azı doqquz üzvü lehinə səs verməli və daimi üzvlərdən heç biri – Çin, Fransa, Rusiya, Böyük Britaniya, ABŞ veto hüququndan istifadə etməməlidir.

Qəzzada davam edən müharibə fonunda Fələstin aprelin 2-də BMT-yə tamhüquqlu üzv olmaq üçün 2011-ci ildə verilmiş müraciətə yenidən baxılması xahişi ilə təşkilatın Baş katibinə müraciət etmişdi.

2011-ci ildə də BMT TŞ müraciətə baxıb, lakin təşkilatın Nizamnaməsinə görə 193 Üzv Dövlətin iştirakı ilə səsvermə keçirməli olan Baş Assambleyaya tövsiyə göndərməkdə yekdil rəy əldə olunmayıb.

Bu ayın əvvəlində Təhlükəsizlik Şurası məsələni müzakirə etmək üçün aprelin 8-də və 11-də toplanan Üzv Dövlətlərin Qəbulu üzrə Komitəyə sonuncu sorğu göndərib.

Fələstin Dövləti 2012-ci ildən BMT-də daimi müşahidəçi statusuna malikdir, ondan əvvəl isə BMT Baş Assambleyasında müşahidəçi qismində iştirak edib.