logo

İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib

14:08 09-04-2024 | icon 2065
İlham Əliyev Gəncə İdman Sarayının açılışında iştirak edib

Prezident İlham Əliyev aprelin 9-da Gəncə İdman Sarayının açılışında iştirak edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Gənclər və idman naziri Fərid Qayıbov dövlət başçısına Gəncə İdman Sarayında yaradılan şərait barədə məlumat verib.

Ümumi sahəsi 40 min kvadratmetrə yaxın olan İdman Sarayında bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Bu zalda 2200 nəfərlik sabit oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq və fiziki məhdudiyyəti olan tamaşaçılar üçün 20 yer ayrılıb. Burada, həmçinin VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələr və konfrans zalı yaradılıb.

Qeyd olunub ki, İdman Sarayındakı üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Hovuzun uzunluğu 50, eni 21 metr, dərinliyi isə 3 metrdir. Burada 4 metr, 2,2 metr və 1,2 metrə qədər qalxa bilən mobil hərəkətli döşəmə də quraşdırılıb. Zalda üzgüçülük yarışlarını 1400-dən çox tamaşaçı izləyə biləcək. Fiziki məhdudiyyəti olan tamaşaçı üçün isə 16 yerlik ərazi təşkil olunub. Üzgüçülük hovuzu da VIP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələrdən ibarətdir.

Gəncə İdman Sarayının kiçik zalı müvafiq olaraq 2, 3 və 4 yerə bölünmək imkanına malikdir. Burada ağır atletika, güləş, cüdo və boks zalları, müxtəlif təyinatlı otaqlar fəaliyyət göstərəcək və idmanın ayrı-ayrı sahələri tədris ediləcək.

Nəhəng idman qurğusunda Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq, masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası, uşaq otağı, 3 konfrans zalı, böyük restoran, kofe-breyk bölmələri və marketlər fəaliyyət göstərəcək.

Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Səksən nömrəsi olan mehmanxanada 160 idmançının qalması və istirahəti üçün hər cür imkan var.

Həyətdə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq zolaqları salınıb, istirahət guşələri yaradılıb, müşahidə kameraları quraşdırılıb.

Belə nəhəng idman qurğularının yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.