Aprelin 18-da Bakıda “Mərkəzi Asiya və Qafqazın metal bazarı” adlı beynəlxalq konfrans öz işinə başlayacaq.
YeniAvropa xəbər verir ki, iki gün davam edəcək konfransın keçirilməsində məqsəd Mərkəzi Asiya və Qafqaz regionu ölkələrində metal bazarının hazırkı tendensiyalarının və perspektivlərinin, bu regionlarda qara metallurgiyaya investisiya layihələrinin, cari qiymət mühitinin, həmçinin ayrı-ayrı regionların inkişaf xüsusiyyətlərinin müzakirə etməkdir. Konfransda Rusiya Federasiyası, Qazaxıstan, Özbəkistan və s. kimi dövlətlərin bu sahə üzrə aparıcı şirkətləri iştirak edəcəklər.
Rusiya Federasiyasının metallurgiya sahəsində ixtisaslaşmış “Металлоснабжение и сбыт” jurnalının təşkilatçılığı ilə baş tutacaq konfransın baş tərəfdaşı və fəal iştirakçısı Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC-dir (BSC).
Beynəlxalq konfransda BSC-nin nümayəndələri “Azərbaycan Respublikasının metal bazarının inkişaf tendensiyaları”, “Baku Steel Company”-nin strategiyası” kimi mövzularda məruzə ilə çıxış edəcəklər.
Konfrans çərçivəsində iştirakçıların aprelin 19-da “Baku Steel Company”nin Sumqayıt şəhərindəki "Azərboru" istehsalat sahəsinə tanışlıq ekskursiyası planlaşdırılıb.