logo

ABŞ indiyədək Ukraynaya 113 milyard $ yardım edib

14:54 29-03-2024 | icon 2597
ABŞ indiyədək Ukraynaya 113 milyard $ yardım edib

ABŞ-ın Ukraynaya yardım üçün ayırdığı vəsaitin ümumi məbləği azı 113 milyard dollar təşkil edib. Bu barədə “Fox News” kanalı Ağ evin İdarəetmə və büdcə idarəsinin rəhbəri Şalanda Yanqın əlində olan məktuba istinadla məlumat yayıb.

YeniAvropa xəbər verir ki, senator Ceyms Devid Vensin (Ohayo ştatından, respublikaçı) sorğusuna cavab olaraq göndərilmiş sənədə əsasən, Ukraynada müharibə başlayandan bəri ABŞ Konqresi Kiyevi çox zəruri təhlükəsizlik, iqtisadi və humanitar yardımla təmin etmək üçün əlavə 111 milyard dollar vəsait ayırıb. Məqsədli olmayan fondlardan daha 2,4 milyard dollar Ukraynanın xeyrinə yenidən bölüşdürülüb. İdarəetmə və Büdcə Ofisinin məlumatına görə, əsas yardım paketlərinə əlavə olaraq, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) 2022 və 2023-cü maliyyə illərində müvafiq olaraq səhiyyə və səfirliklərin fəaliyyətlərini təmin etmək məqsədilə əməliyyatları üçün 145 milyon dollar və 189 milyon dollar göndərib.

Telekanalın xəbərində göstərilir ki, silah və sursatların dəyişdirilməsi xərcləri nəzərə alınarsa, ümumi məsrəflər xeyli yüksək ola bilər.

ABŞ Administrasiyası daha əvvəl Konqresə oktyabrın 1-də Birləşmiş Ştatlarda başlayan 2024-cü maliyyə ilində ilk növbədə İsrail və Ukraynaya kömək etmək, həmçinin Asiya-Sakit okean regionunda Çin və Rusiyaya qarşı mübarizə məqsədilə əlavə büdcə ayırmaları üçün sorğu göndərmişdi. Ümumilikdə Prezident Cozef Baydenin rəhbərlik etdiyi icra hakimiyyəti bu məqsədlər üçün təxminən 106 milyard dollar ayrılmasını istəyir.

Müraciətin və alternativ qanun layihələrinin sonrakı taleyi qeyri-müəyyən olaraq qalır. Nümayəndələr Palatasında və Senatda olan bir sıra respublikaçılar son aylarda Kiyevə maliyyə dəstəyinin davam etdirilməsinin əleyhinə çıxış ediblər. Aşağı palatanın spikeri Mayk Conson (Respublikaçı-Luiziana) ardıcıl olaraq Ukraynaya əlavə yardımı ABŞ-ın cənub sərhədində nəzarətin gücləndirilməsi ilə əlaqələndirmək niyyəti barədə xəbərdarlıq edib.

Fevralın 13-də Senat bir sıra respublikaçıların dəstəyi ilə Ukrayna, İsrail və Tayvana 95 milyard dollarlıq yardım ayrılmasını nəzərdə tutan qanun layihəsinin alternativ variantını qəbul edib. Lakin bu paket sənədində cənub sərhədində nəzarətin gücləndirilməsi ilə bağlı müddəalar yoxdur. Fevralın 15-də isə Nümayəndələr Palatası qanun layihəsinə səs vermədən ikihəftəlik fasilə elan edib.