logo

“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq

10:50 29-03-2024 | icon 1820
“Qarabağ” bütün oyunlarını uduzsa belə,yenə çempion olacaq

"Qarabağ" bundan sonra bütün oyunlarda uduzsa belə, mövsümün sonunda çempion olacaq. Çünki ən yaxın izləyicilərinin qalan matçların hamısında qələbə qazanacağı inandırıcı deyil. Ümumiyyətlə, hazırda Ağdam təmsilçisi ilə qızıl medallar uğrunda başabaş mübarizə apara biləcək kollektiv yoxdur".

YeniAvropa xəbər verir ki, bu sözləri veteran futbolçu Yunis Hüseynov Azərbaycan Premyer Liqasında bu gün start götürəcək IV dövrənin oyunlarını KİV-ə şərh edərkən deyib.

Azərbaycan millisinin sabiq hücumçusu avrokuboklar uğrunda mübarizənin 3 komanda arasında gedəcəyini bildirib: "Neftçi", "Sabah" və "Zirə" arasında gərgin mübarizəyə şahidlik edəcəyik. Digər rəqiblərin şansı olsa da, real namizədlər adlarını qeyd etdiyim komandalardır. Həm heyətlərindəki oyunçuların keyfiyyəti, həm də büdcə baxımından bu kollektivlər daha üstündür".

59 yaşlı mütəxəssis "Qəbələ"nin Premyer Liqanı tərk etməyə əsas namizəd olduğunu söyləyib: "Əvvəl demişdim ki, "Kəpəz"in elitada qalmayacağı real görünür. Lakin Adil Şükürovun gəlişindən sonra komandanın oyun üslubunda böyük dəyişiklik olub. Əgər Gəncə təmsilçisi matçların doğma meydanda keçirsəydi, daha böyük nəticələr əldə edə bilərdi. Çünki azarkeşlərin dəstəyi futbolçulara böyük stimul verir. "Qəbələ"yə gəlincə, təəssüf ki, istədikləri oyunu nümayiş etdirə bilmirlər. Turnir cədvəlinə nəzər yetirsək, son pillələrdə dörd bölgə klubunun olduğunu görürük. Bu da üzücü məqamdır. Ümid edirəm ki, Kaxaber Sxadadzenin rəhbərlik etdiyi kollektiv də mövsümün sonunda Premyer Liqada qalacaq və növbəti il 12 komandalı çempionat izləyəcəyik".

Qeyd edək ki, turnir cədvəlinə 66 xalla "Qarabağ" başçılıq edir. Ağdam təmsilçisi ən yaxın izləyiciləri olan "Sabah" və "Neftçi"ni 26 xal qabaqlayır. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu gün “Kəpəz”lə matçda uduzmayacağı təqdirdə, 11-ci ölkə çempionluğunu rəsmiləşdirəcək.