Aprelin 5-də Ermənistan-ABŞ-Avropa İttifaqı(Aİ) formatında keçirilməsi nəzərdə tutulan görüş Cənubi Qafqazda mövcud təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini zəiflətmək məqsədi daşıyır.
YeniAvropa xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin(XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova "Teleqram" kanalında yazıb.
Onun sözlərinə görə, bu qəbildən olan tədbirlər Moskvada narahatlıq doğurur, çünki onlar müstəsna olaraq anti-Rusiya xarakteri daşıyır:
“Belə görüşlər regionun əksər ölkələrində narahatlıq yaradır. Çünki onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbin Cənubi Qafqaza son dərəcə dağıdıcı yanaşmaları ilə daxil olmasına yönəlib. Üstəlik, belə görüşlər regionda yeni ayırıcı xətlərin yaradılmasına, region ölkələrinin anti-Rusiya gündəminə uymağa məcbur edilməsinə, onların Moskva ilə çoxəsrlik əlaqələrinin pozulmasına, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin zəiflədilməsinə istiqamətlənib”.
M.Zaxarova vurğulayıb ki, bütün dünyanın gözü qarşısında Ermənistan tədricən kollektiv Qərbin erməni xalqının köklü maraqları ilə tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi alətinə çevrilir.