Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar Novruz bayramı ərəfəsində və bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün martın 18-dən 26-na kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
YeniAvropa xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Qeyd edək ki, sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək.
Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların satış kassalarından əldə edə bilərlər.