logo

Orta Dəhlizlə hərəkət edən konteyner qatarı Azərbaycana çatıb

19:20 11-03-2024 | icon 1659
Orta Dəhlizlə hərəkət edən konteyner qatarı Azərbaycana çatıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və “Qazaxıstan Dəmir Yolları” SC-nin (KTZ) sədri Nurlan Sauranbayev hər iki ölkənin dövlət başçılarının iştirakı ilə Orta Dəhliz üzərindən Çin–Qazaxıstan–Azərbaycan istiqamətində hərəkət edən konteyner qatarının Bakıya çatdırılması münasibətilə təşkil olunmuş telekörpüyə qatılıblar.

YeniAvropa xəbər verir ki, konteyner qatarının Çinin Sian şəhərində istismara verilmiş Qazaxıstana məxsus Nəqliyyat Logistika Mərkəzi tərəfindən yola salınması Orta Dəhlizin bütün iştirakçıları üçün böyük əhəmiyyət kəsb edir.

61 konteynerdən ibarət qatar uzunluğu 7 min km olan marşrutu (Siandakı Qazaxıstan terminalı – Aktau – Abşeron stansiyası) 11 günə qət edib. Multimodal daşıma zamanı konteynerlər Qazaxıstan limanında yenidən yüklənərək Xəzər dənizi ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, oradan isə Abşeron stansiyasına çatdırılıb.

Qeyd edək ki, Orta Dəhlizin inkişaf etdirilməsi və yeni yüklərin cəlb edilməsi baxımından bu günlərdə Çində fəaliyyətə başlamış Qazaxıstanın Nəqliyyat Logistika Mərkəzi marşrut üzrə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılmasına hədəflənib. İlkin razılaşmaya əsasən, bu mərkəz vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması planlaşdırılır.

Bununla yanaşı, Orta Dəhlizin inkişafı üçün birbaşa istehlakçılara yönəlmiş rəqəmsal DTC platforması yaradılıb, Azərbaycan və Qazaxıstan dəmir yolları “Track and Trace” (“Təqib və İzləmə”) funksiyası vasitəsilə real vaxt rejimində marşrut boyunca yüklərin izlənməsi sisteminə inteqrasiya olunublar. Vahid rəqəmsal ekosistemin yaradılması və inkişaf etdirilməsi Orta Dəhlizin şəffaflığını və cəlbediciliyini getdikcə daha da artırır.

Azərbaycan və Qazaxıstan dəmir yolları idarələrinin birgə səyləri sayəsində 2024-cü ildə yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.

Qeyd edək ki, 2024-cü ilin yanvar-fevral ayları ərzində “Qazaxıstan Dəmir Yolları” SC ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında yükdaşımaların həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 539,5 min ton təşkil edib.

Xatırladaq ki, əvvəllər Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması təxminən 53 gün çəkirdisə, hazırda yüklərin çatdırılma müddəti 18 gün təşkil edir.

“Bu gün Azərbaycan və Qazaxıstan prezidentlərinin iştirakı ilə Orta Dəhliz üzərindən Çin–Qazaxıstan–Azərbaycan istiqamətində hərəkət edən konteyner qatarının Bakıya çatdırılması münasibətilə təşkil olunmuş telekörpüyə qatıldıq, qatarın qarşılanmasını izlədik. Qazaxıstanlı həmkarım Nurlan Sauranbayevlə Çinin Sian şəhərindəki Qazaxıstana məxsus Nəqliyyat Logistika Mərkəzi vasitəsilə Azərbaycana ayda 10 konteyner qatarının yola salınması imkanlarını müzakirə etdik. Qeyd edim ki, 61 konteynerdən ibarət qatar uzunluğu 7 min km olan marşrutu 11 günə qət edib. Əvvəllər Çindən Orta Dəhliz vasitəsilə yüklərin Qara dəniz limanlarına çatdırılması təxminən 53 gün çəkirdisə, birgə səylərimiz nəticəsində hazırda bu müddət 18 gün təşkil edir”, - deyə Rövşən Rüstəmov bildirib.