2023-cü ildə Gürcüstan iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyalar 1 milyard 600 milyon dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə təxminən 24 faiz azdır.
YeniAvropa xəbər verir ki, bu barədə "bm.ge" biznes–portalı məlumat yayıb.
Bildirilir ki, birbaşa xarici investisiyaların ən böyük hissəsi maliyyə və sığorta sektoruna yatırılıb - 630,1 milyon dollar. Bu, ümumi investisiya həcminin 39,5 faizini təşkil edir. İkinci yerdə emal sənayesi (291,7 milyon dollar), üçüncü yerdə isə nəqliyyat sektoru (138,2 milyon dollar) qərarlaşıb.
Gürcüstana ötən il ən çox böyük sərmayə qoyan ölkə Böyük Britaniya olub. Hesabat dövründə Böyük Britaniyanın yatırdığı investisiyanın həcmi 10 faiz azalma ilə 392 milyon dollar təşkil edib. İkinci sırada 361 milyon dollarla Niderland (84 faiz artım), üçüncü yerdə isə 169 milyon dollarla Türkiyə (artım 206 faiz) qərarlaşıb.
Azərbaycanın yatırdığı sərmayələrin həcmi də artaraq 54 milyon dollara çatıb.