Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə martın 2-3-də Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Nazirlikdən YeniAvropa-ya verilən məlumata görə, yarmarkada, ümumilikdə, 20 regiondan 50-yə yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı) ünvanında fəaliyyət göstərəcək yarmarkada məhsullar birbaşa fermerlər tərəfindən satışa çıxarılacaq. Məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Vətəndaşlar satışa çıxarılan istənilən məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün Səyyar Qida laboratoriyasının xidmətlərindən faydalana biləcəklər.
Yarmarkanın keçirilməsində əsas məqsəd təsərrüfat sahibləri üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini yerli və təbii kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 “Çağrı mərkəzi” ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla təmin olunacaqlar.