Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə İrəvandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı müraciət daxil olmayıb.
YeniAvropa xəbər verir ki, bu barədə KTMT-nin Katibliyi Rusiya mediasına açıqlamasında bildirib.
“KTMT-nin Katibliyinə İrəvandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı müraciət daxil olmayıb və görünür ki, Ermənistanın baş naziri Nikol Paşinyanın tezisi təşkilatın bir sıra tədbirlərində iştirak etməməklə əlaqədardır”, -deyə açıqlamada qeyd olunub.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan “France24” telekanalına müsahibəsində kollektiv təhlükəsizlik müqaviləsinin 2022-2023-cü illərdə onun ölkəsinə münasibətdə yerinə yetirilmədiyini bildirib və İrəvanın KTMT-də üzvlüyünü “dondurduğunu” bəyan edib.