logo

ABŞ-ın kosmik aparatı 50 il sonra Aya eniş edib

10:30 23-02-2024 | icon 1743
ABŞ-ın kosmik aparatı 50 il sonra Aya eniş edib

“Intuitive Machines” kompaniyasının kosmik gəmisi 50 ildən sonra Ay səthinə enən ilk Amerika aparatıdır.

YeniAvropa NASA-nın saytına istinadla xəbər verir ki, “Odissey” adlı aparat Ayın Cənub Qütbünə enib. O, NASA-nın texniki avadanlıqlarını və digər kommersiya yüklərini Aya çatdırıb.

“Odissey” ötən həftənin cümə axşamı “SpaceX” kompaniyasının “Falcon 9” raketi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən fəzaya buraxılıb. Bu,“Intuitive Machines”in Ay səthinə ilk robot uçuşudur. Kod adı IM-1 olan missiyanın Ayda 14 gün fəaliyyət göstərəcəyi gözlənilir.

NASA-nın məlumatına görə, eniş aparatı, həmçinin dəqiq eniş texnologiyalarının, rabitə və naviqasiya qovşağının imkanlarını sınaqdan keçirəcək.

Qeyd edək ki, ABŞ-ın Aya son eniş missiyası 1972-ci ilin dekabrında, “Apollon” proqramı çərçivəsində baş tutmuşdu.