logo

“Azercell”in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırıblar

13:13 22-02-2024 | icon 2128
“Azercell”in dəstəklədiyi məktəblilər ölkəmizə medal qazandırıblar

Fevralın 9-18-də Rumıniyada məktəblilərin VIII InfO(1)Cup proqramlaşdırma müsabiqəsi baş tutub. Yarış onlayn formatda keçirilib. 13 ölkədən 135 şagirdin proqramlaşdırma üzrə biliklərini sınadığı olimpiadada “Azercell”in dəstəklədiyi gənclər uğurla çıxış edərək 1 qızıl və 1 bürünc medal qazanıblar.

Akademik Z.Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli qızıl medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli bürünc medala layiq görülüblər.

Qeyd edək ki, bu, sözügedən yarışda məktəblilərimizin qazandığı ilk qızıl medaldır. Bu günədək məktəblilərimiz həmin müsabiqədən 3 gümüş, 3 bürünc medal qazanıblar.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara milli komandaların hazırlıq prosesi 2017-ci ildən etibarən “Azercell Telekom” MMC-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində məktəblilərimiz müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 4 qızıl, 16 gümüş və 40 bürünc olmaqla ümumilikdə 60 medal əldə ediblər.