logo

“Rabitəbank” AFFA ilə sponsorluq müqaviləsi imzalayıb

12:12 16-02-2024 | icon 1806
“Rabitəbank” AFFA ilə sponsorluq müqaviləsi imzalayıb

AFFA və “Rabitəbank” ASC arasında sponsorluq müqaviləsi imzalanıb. Müqaviləni AFFA-nın prezidenti Rövnəq Abdullayev və “Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov imzalayıblar.

YeniAvropa xəbər verir ki, müqaviləyə əsasən, Azərbaycan Premyer Liqası oyunlarına təyinat alacaq peşəkar hakimlərin formalarının üzərində futbol ailəsinin yeni üzvü olan “Rabitəbank”ın adı və loqosu əks olunacaq.

AFFA-nın prezidenti R.Abdullayev tədbirdə çıxış edərək nüfuzlu şirkətlərin Azərbaycan futbol ailəsinə maraq göstərməsinin sevindirici hal olduğunu deyib. “Rabitəbank” rəhbərliyinə ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə minnətdarlıq edib. Azərbaycan futbol hakimliyindən danışan R.Abdullayev əfsanəvi referi Tofiq Bəhramovun 1966-cı ildə İngiltərədə keçirilmiş Dünya çempionatının final qarşılaşmasında verdiyi qərarın dünya futbol ictimaiyyətində bu gün də unudulmaz an kimi xatırlandığını bildirib. Azərbaycan hakimlik məktəbinin ənənəsinin davam etdiyini bildirən AFFA prezidenti “Rabitəbank”la yeni əməkdaşlıq sayəsində gənc hakimlərin yetişdirilməsi istiqamətində addımların atılacağını diqqətə çatdırıb.

“Rabitəbank” ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov futbolun dünyada və ölkəmizdə sevilən idman növü olduğunu söyləyib. Ölkə futbolunun inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirən A.Hüseynov bank olaraq sosial məsuliyyət çərçivəsində futbola yatırım etməkdən məmnunluq hissi duyduqlarını qeyd edib.

“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.