NATO ölkələri Kiyevə yeni silah-sursat tədarükü üçün 10 milyard dollarlıq müqavilə imzalayıb.
YeniAvropa xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq bu barədə Alyansın müdafiə nazirlərinin iclasına gələrkən bildirib.
“Bu gün Ukrayna-NATO Şurasının iclasında Kiyevə yardım məsələsini müzakirə edəcəyik. NATO ölkələri son aylar silah və sursat istehsalı üzrə razılığa gəlib və bir sıra müqavilələr imzalayıb”, - deyə Yens Stoltenberq bildirib.
O qeyd edib ki, Kiyevə növbəti silah tədarükü xeyriyyəçilik deyil, NATO-nun təhlükəsizliyinə qoyulan sərmayədir.
“Mən NATO ölkələrinin Kiyevə daha çox yardım etməsini, hava hücumundan müdafiə sistemləri və sursat göndərməsini dəstəkləyirəm. Avropa İttifaqının Ukraynaya dörd il müddətinə 50 milyard avro ayırmaq qərarını alqışlayır və ABŞ Konqresinin Ukraynaya dəstək paketi üzrə razılığa gəlməsini gözləyirəm”, - deyə Alyansın Baş katibi əlavə edib.