Kənd Təsərrüfatı Nazirliyi fevralın 17-dən 18-dək Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil edəcək.
YeniAvropa xəbər verir ki, yarmarkada, ümumilikdə, 20-dən artıq rayondan 40-dan çox fermerin iştirakı gözlənilir.
Fermerlər 90-a qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Vətəndaşlar yarmarkada fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasının xidmətlərindən də faydalana biləcəklər.
Bu tədbirin keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, həmçinin şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.
“Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər ödənişsiz formada (+994 50 400 88 99) çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər. Fermerlərin piştaxta, tərəzi, soyuducu və digər ləvazimatlarla təchiz olunmaqla, öz məhsullarını şəhər sakinlərinə təqdim etməsi mümkündür.