logo

Gəncəyə yeni gətirilən avtobuslar xəttə buraxılıb

14:54 01-02-2024 | icon 1239
Gəncəyə yeni gətirilən avtobuslar xəttə buraxılıb

Gəncə şəhərində ictimai nəqliyyat şəbəkəsinin optimallaşması, avtobus parkının yenilənməsi, sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması və sərnişin məmnunluğuna nail olunması istiqamətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan tədbirlər çərçivəsində 4 saylı marşrut xəttinə daha yeni və müasir avtobuslar cəlb edilib.

AYNA-dan YeniAvropa-ya bildirilib ki, Gəncə şəhəri Natəvan qəsəbəsi – Şəhər mərkəzi – Gülüstan qəsəbəsi marşrutu üzrə xəttə bu gündən etibarən 10 müasir avtobus buraxılıb. Daşıyıcı şirkət tərəfindən, ümumilikdə, 18 avtobus alınıb. Digər avtobuslar da mərhələli şəkildə istismara veriləcək.

Bildirilib ki, 58-60 sərnişin tutumlu avtobuslar 2018-ci ilin istehsalıdır və ekoloji təmiz “Avro 6” standartlarına cavab verir.

Qeyd edək ki, 4 saylı marşrut xətti Gəncə şəhəri üzrə ən uzun marşrutlardan biridir, ümumi uzunluğu 13 kilometrdir. Avtobuslar 6 dəqiqə intervalla hərəkət edir. Bu marşrut üzrə gündəlik daşınan sərnişin sayı təqribən 17500 nəfərdir.