logo

Türkmənistan Azərbaycan üzərindən Avropaya qaz ixrac edəcək

13:53 01-02-2024 | icon 1988
Türkmənistan Azərbaycan üzərindən Avropaya qaz ixrac edəcək

Türkiyənin “Bota” neft-qaz kompaniyası və Türkmənistanın “Türkmengaz” dövlət korporasiyasının nümayəndələri Avropaya ixrac olunacaq qazın Türkiyəyə nəqli planlarını müzakirə ediblər.

YeniAvropa “Sabah” qəzetinə istinadla xəbər verir ki, görüş “Bota” kompaniyasının Ankaradakı mənzil qərargahında baş tutub.

Bu sahədə Aşqabadla əməkdaşlıq Türkiyənin regional qaz ticarəti mərkəzinə çevrilmək üzrə strateji planlarının tərkib hissələrindən biridir. Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə çatdırılacağı, onun bir hissəsinin daha sonra Avropaya ixrac ediləcəyi planlaşdırılır.

“Bota” kompaniyasının rəhbərliyi planın həyata keçirilməsi üçün Türkmənistana istənilən dəstəyi verməyə hazır olduğunu bildirib. Birinci mərhələ türkmən qazının Türkiyəyə çatdırılmasını nəzərdə tutur. Mavi yanacaq daha sonra Avropa bazarlarına müntəzəm şəkildə ixrac ediləcək.

İki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişafına dair memorandum 2022-ci ilin dekabrında imzalanıb.

“Sabah” nəşrinin yazdığına görə, Türkiyə böyük qaz ixracı mərkəzinə çevrilmək planları çərçivəsində Azərbaycan, Türkmənistan və Rusiyadan təbii qaz, həmçinin digər ölkələrdən maye qaz almağı və bu yanacağın Avropaya ixracını planlaşdırır.

Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, Ankara ölkədə həm qaz ixracı mərkəzi, həm də enerji ehtiyatlarının ticarəti üçün resursların cari qiymətinin formalaşacağı birja platforması qurmağı hədəfləyir. Hazırda bu istiqamətdə Rusiya ilə danışıqlar davam edir.