logo

Gürcüstanın baş naziri istefa verdi

17:17 29-01-2024 | icon 3213
Gürcüstanın baş naziri istefa verdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.

YeniAvropa xəbər verir ki, bu barədə  İrakli Qaribaşvili paytaxt Tbilisidə bu gün keçirdiyi brifinqdə məlumat verib. O, istefa qərarının səbəbini açıqlanmayıb.

Xatırladaq ki, bundan əvvəl İ.Qaribaşvili 2013-2015-ci illərdə Gürcüstan hökumətinə başçılıq edib. O, ikinci dəfə Gürcüstan hökumətinin başçısı vəzifəsinə başlamazdan əvvəl ölkənin müdafiə naziri olub və o, 2021-ci il fevralın 22-də ikinci dəfə baş nazir vəzifəsini tutub.

Qeyd edək ki, baş nazirin vəzifə səlahiyyətləri istefa verdiyi gündən başa çatır. Hökumət üzvləri-nazirlər isə yeni baş nazir təyin olunanadək səlahiyyətlərini icra edəcəklər. İki həftə ərzində parlament hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının yeni baş nazir vəzifəsinə irəli sürdüyü namizədi və onun hökumətinin yeni tərkibini təsdiq etməlidir. Yeni hökumətin təsdiqi üçün parlamentin 76 deputatının səsi tələb olunur.

Bəzi məlumatlara görə, Gürcüstanın baş naziri vəzifəsinə hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze təyin olunacaq. İ.Qaribaşvilinin isə hakim partiyanın sədri vəzifəsinə seçiləcəyi gözlənilir.

Fevralın 1-də isə hakim partiyanın növbədənkənar qurultayının keçiriləcəyi planlaşdırılıb.

İrakli Qaribaşvili ilk dəfə 2013-cü ildə Gürcüstanın baş naziri vəzifəsini tutub. O bu vəzifədə “Gürcü arzusu”nun yaradıcısı Bidzina İvanişvilini əvəz etsə də, 2015-ci il dekabrın 30-da istefa verib. Daha sonra Giorgi Kvirikaşvili Gürcüstanın baş naziri postunda İrakli Qaribaşvilini əvəzləyib.