logo

İqtisadi Şuranın iclası keçirilib

20:50 26-01-2024 | icon 1974
İqtisadi Şuranın iclası keçirilib

Yanvarın 26-da Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, baş nazir Əli Əsədovun rəhbərliyi ilə Şuranın cari ildə ilk iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, iclasda 2023-cü ilin sosial-iqtisadi inkişaf göstəriciləri, İqtisadi Şuranın 2024-cü il üzrə Fəaliyyət Planı, vergi və gömrük sahələrində verilmiş güzəşt və azadolmaların səmərəliliyinin qiymətləndirilməsinin nəticələri və qiymətləndirilmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının suveren kredit reytinqinin artırılması perspektivləri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2023-cü il üzrə fəaliyyət hesabatı və onun 2024-cü il üçün Fəaliyyət Planı və digər cari məsələlər ətraflı müzakirə olunub.

İclasda maliyyə naziri Samir Şərifovun, maliyyə nazirinin müavini Azər Bayramovun, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib.

Sonda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul edilib və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.