İsveçin NATO-ya üzvlük ərizəsi Türkiyə Böyük Millət Məclisinin ümumi iclasının gündəliyinə daxil edilib.
YeniAvropa "TRT Haber" telekanalına istinadla xəbər verir ki, bu məsələ ilə bağlı səsvermə çərşənbə axşamı baş tutacaq.
Parlamentin iclası yerli vaxtla saat 15:00-a təyin edilib. İclasda İsveçin müraciətinin ratifikasiya protokolu ilə yanaşı, Malayziya ilə azad ticarət zonasının qurulması və Koreya Respublikası ilə ikiqat vergi tutulmasının aradan qaldırılması barədə sazişlər də müzakirə olunacaq. Gündəliyə daxil edilən məsələlərin təsdiqi üçün səsvermədə iştirak edən deputatlarının sadə səs çoxluğu kifayətdir.
Parlamentin qərarı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq fərmanı imzalamasından sonra qüvvəyə minəcək.