İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun Davamlı İnkişaf üzrə regional direktoru Sameh Naquib Vahba ilə görüşündə Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsi təqdim edilib.
NazirlikdənYeniAvropa-ya bildirilib ki, yaşıl və dayanıqlı şəhərlər, rəqəmsallaşma, gəmiqayırma sənayesinin inkişafı, bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, məşğulluğa dəstək və digər layihələr barədə məlumat verilib.
Sameh Naquib Vahba Dünya Bankının Azərbaycanla əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Əməkdaşlığın genişləndirilməsi məqsədilə hazırlanmış Yol Xəritəsinin tərəfdaşlığı gücləndirəcəyini diqqətə çatdırıb. Regional direktor BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - "COP29"un ev sahibi kimi Azərbaycanı təbrik edib. Təşkilatın "COP29"la bağlı Azərbaycana dəstək göstərməyə hazır olduğunu bildirib.
Görüşdə Azərbaycan və Dünya Bankı arasında işbirliyinin müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, qurumun Azərbaycanda, xüsusilə şəhər, su və kənd təsərrüfatı sahələrində həyata keçirdiyi proqramlar və gələcək layihələr müzakirə edilib.