Voleybol hakimlərimiz Avropa Çağırış Kubokunun 1/4 final oyunlarını idarə edəcəklər
Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə təyinat alıblar.
Azərbaycan Voleybol Federasiyasından (AVF) YeniAvropa-ya verilən məlumata görə, Zaur Hacıyev Çağırış Kubokunun 1/4 final mərhələsinin matçını idarə edəcək. O, qadın voleybolçulardan ibarət Türkiyənin “Nilüfer Belediye Bursa” və Rumıniyanın “C.S.M. LUGOJ” klublarının qarşılaşmasında ikinci hakim olacaq. İlk oyunda qardaş ölkə komandası səfərdə 3:1 hesabı ilə qalib gəlib.
Beynəlxalq dərəcəli digər referi Fuad Ağayev isə CEV kubokunda play-off mərhələsinin oyununu idarə edəcək. O, kişi voleybolçulardan ibarət Türkiyənin “Fənərbağça” və Ukraynanın “Prometey” klublarının cavab matçında ikinci hakim olacaq. İlk qarşılaşmada Ukrayna təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, hər iki oyun bu gün keçiriləcək.