Argentina Prezidenti Xavyer Mileyi öldürməklə və hökumət binalarını partlatmaqla hədələyən 48 yaşlı kişi polis tərəfindən saxlanılıb.
YeniAvropa xəbər verir ki, bu barədə yerli "Infobae" portalı hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Rafael Kastilyo adlı şəxs 911 qaynar xəttinə beş dəfə zəng edərək ölkə rəhbərini öldürməklə, həmçinin prezident administrasiyasının və parlamentin binalarını partlatmaqla hədələyib.
Polis şübhəlinin mənzilində axtarış aparıb və onu saxlayıb. Hazırda psixiatr müayinəsinə göndərilən şəxs “cəmiyyəti qorxutmaq” maddəsi ilə ittiham olunur.
Qeyd edək ki, dekabrın 10-da vəzifəsinin icrasına başlayan Argentinanın yeni Prezidenti Xavyer Miley dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyətin kritik olduğunu etiraf edib və iqtisadiyyatda şok tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Bir neçə gün sonra isə dolların rəsmi məzənnəsi 366 pesodan 800 pesoya qaldırılıb.