logo

Vaşinqton Ukraynaya köməyi davam etdirəcək-Blinken

20:20 16-01-2024 | icon 2114
Vaşinqton Ukraynaya köməyi davam etdirəcək-Blinken

ABŞ Konqresində Ukraynaya dəstək üçün maliyyənin razılaşdırılmasında çətinliklərə baxmayaraq, Vaşinqton Kiyevə yardımı davam etdirəcək.

YeniAvropa "France-Press" agentliyinə istinadla xəbər verir ki, bu sözləri Dünya İqtisadi Forumu (WEF) çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşən ABŞ-ın Dövlət katibi Antoni Blinken deyib.

“Biz Ukraynaya dəstəyi davam etdirmək niyyətindəyik və bu məsələdə Konqreslə çox sıx işləyirik. Avropadakı həmkarlarımızın da eyni addım atacağına əminəm”, - deyə Antoni Blinken bildirib.

Vaşinqton administrasiyası təxminən dörd ay əvvəl 2024-cü maliyyə ilində İsrail və Ukraynaya yardım göstərmək, həmçinin Asiya-Sakit okean regionunda Çin və Rusiyaya qarşı mübarizə aparmaq üçün əlavə büdcə ayırmaları barədə Kapitoliyə sorğu göndərib. Ağ ev bu məqsədlər üçün təxminən 106 milyard dollar ayrılmasını istəyir.

Buna baxmayaraq, sorğunun və alternativ qanun layihələrinin gələcək taleyi müəmmalı olaraq qalır. ABŞ Konqresinin Nümayəndələr Palatasında və Senatda Respublikaçılar partiyasının bəzi nümayəndələri Kiyevə maliyyə yardımının davam etdirilməsinin əleyhinədir. Birləşmiş Ştatlarda bu məsələlərlə bağlı hakim demokratlar və müxalif respublikaçılar arasında debatlar davam edir.