logo

4 güləşçimiz “Zaqreb Open”də III yer uğrunda yarışacaq

20:30 10-01-2024 | icon 1806
4 güləşçimiz “Zaqreb Open”də III yer uğrunda yarışacaq

Xorvatiyada güləş üzrə “Zaqreb Open” turnirinə start verilib.

Azərbaycan Güləş Federasiyasından YeniAvropa-ya verilən məlumata görə, yarışın ilk günündə Azərbaycanın 7 sərbəst güləşçisi xalça üzərinə çıxıb.

İslam Bazarqanov (57 kiloqram) ilk mərhələdə çinli Veiyu Liyə (6:1) qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Roberti Dinqaşviliyə minimal fərqlə məğlub olub - 4:5

61 kiloqram çəki dərəcəsində Əliabbas Rzazadə 1/4 finalda Maykl Makqiyə (5:4), Nürəddin Novruzov isə gürcüstanlı Giorgi Qoniaşviliyə (10:6) qalib gəlib. Yarımfinalda Rzazadə monqolustanlı Bexbayar Erdenebata (0:5), Novruzov isə ukraynalı Andrey Celepə (8:10) məğlub olub. Hər iki Azərbaycan güləşçisi bürünc medal uğrunda güləşəcək.

Zirəddin Bayramov (65 kiloqram) təsnifat mərhələsində italiyalı Kolin Realbutoya (7:2) qalib gəlsə də, 1/8 finalda amerikalı Jozef Makennaya uduzub – 0:11.

Cəbrayıl Qadjiyev (74 kiloqram) rumıniyalı Kriştian Biro (6:2), türkiyəli Yakup Gör (4:3) və amerikalı Kuinsi Mandi (5:4) üzərində qələbə qazanaraq yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Hüseyn Abuzaripaşkolayiyə 3:10 hesabı ilə uduzan C.Qadjıyev bürünc medal uğrunda güləşəcək.

86 kiloqramda Arseni Djioyev macarıstanlı Vida Çaba (10:0) və türkiyəli Osman Göçeni (10:6) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda bolqarıstanlı Maqomed Ramazanova məğlub olub – 1:5. Təsəlliverici görüşdə amerikalı Maksvel Dini 8:3 hesabı ilə üstələyən Djioyev bürünc medal uğrunda güləşəcək. Bu çəkidəki digər təmsilçimiz Osman Nurmaqomedov 1/8 finalda amerikalı Çandler Marstellerə uduzub – 1:3.

Qeyd edək ki, yanvarın 14-dək davam edəcək “Zaqreb Open” turnirində Azərbaycanı ümumilikdə 26 güləşçi təmsil edir.